Cənubi Koreyada işə gediş-gəliş zamanı metroda sıxlığın qarşısını almaq üçün bəzi vaqonlarda oturacaqlar yığışdırılacaq.
Hafta.az-ın "Korea JoongAng Daily"ya istinadən yazdığına görə, yanvarda paytaxt Seulda metro xətlərində başlayacaq sınaq müddətində 9 xəttdən ikisində fəaliyyət göstərən metrolarda dəyişiklik ediləcək. Bu çərçivədə, sərnişin tutumunu artırmaq üçün iki metro vaqonunda bütün oturacaqlar çıxarılacaq.
Seul Metrosundan verilən açıqlamada, 4-cü xəttin doluluq nisbətinin gediş-gəliş saatlarında 193,7 faizə, 7-ci xəttin doluluq nisbətinin isə 164,2 faizə yüksəldiyi ifadə edilib. Bildirilib ki, bu tətbiqin məqsədi sınaq prosesinə daxil olan həmin xətlərdə sıxlığı təxminən 30-40 faiz azaltmaqdır.
Seul Metrosunun baş direktoru Baek Ho, "Pilot layihə effektiv olarsa, vətəndaşların metrodan daha rahat və təhlükəsiz istifadə etməsi üçün tətbiqi digər xətlərə də genişləndirəcəyik" deyib.
Dünyanın ən böyük metro sistemlərindən biri olan Seul metrosu 9 xətt və 275 dayanacaqdan ibarətdir. 9,7 milyon əhalisi olan Seulda hər gün təxminən 7 milyon insan xəttdən istifadə edir.